Форум WWW.MEYDAN.AZ » Благодарности и поздравления » Dahi Şəxsiyyətlər --- Nəriman Nərimanov
Автор Тема: Dahi Şəxsiyyətlər --- Nəriman Nərimanov
  0 / -0    написано: 2018-11-06 16:11:20 

Nəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.O zaman Dağıstan və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların az – çox mədəni – maarif ocaqlarını idarə edən təşkilatlar burada yerləşirdi.

Odur ki, dövrün qabaqcıl fikirli ziyalıları burada yerləşən gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək qabaqcıl mədəniyyəti, dünyəvi elmləri yaymaqla məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün təşəkkülünə müsbət təsir göstərməyə bilməzdi. N.Nərimanov 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır.

1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər.

1894- cü ildə N.Nərimanov Azərbaycan ziyalılarının qabaqcıl dəstəsinin yaxından iştirakı ilə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyur.

N. Nərimanovun təşkil etdiyi bu qiraətxana – kitabxananın işində diqqət tələb edən cəhətlərdən biri buraya gələnlərin – oxucuların sayının digər şəhərlərdəki kitabxana – qiraətxanalara nisbətən xeyli çox olması idi.

1902-ci ildə Odessa Universitetinin tibb fakültəsinə daxil olur və burada inqilabı işlə məşğul olur, fəhlə və tələbə hərəkatının fəal rəhbərlərindən biri kimi məşhurlaşır. 1905-ci ildə inqilab günlərində Nərimanov Odessada ilk inqilabi sınaqdan keçir və həmin ildə “Hümmət” partiyasına daxil olur.

I Rus inqilabı dövründə universitetdə oxuyan tələbələr inqilabi hərəkatda iştirak etdiklərinə görə çar hökuməti universiteti müvəqqəti olaraq bağladığı üçün N. Nərimanov Bakıya qayıdır. Daha sonra Universitetə qayıdaraq 1908-ci ildə təhsilini başa vurub Bakı şəhər xəstəxanasında həkim işləyir. 1909 — cu ilin əvvəllərində geniş ictimai – siyasi və inqilabi fəaliyyətə başlayır. Həmin ilin fevralında çar hökuməti tərəfindən nəzarətə alınan N. Nərimanov 1909-cu il martın 1- də Tiflisdə həbs olunur. 7 ay Metex qalasında saxlandıqdan sonra oktyabr ayında 2 il müddətinə Qafqazdan xaricə, Həştərxana sürgün edilir.

Nərimanov sürgündə olarkən xeyli yerli “Bürhani – tərəqqi”, “Astraxanski listok”, “Astraxanski kay”, “Astraxanski vestnik” və b. qəzetlərdə çoxlu məqalələrlə çıxış edir, inqilabi və həkimlilik fəaliyyətini davam etdirir. 5 illik sürgün həyatını başa vurduqdan sonra, 1913 – cü ildə Bakıya qayıdan N. Nərimanov “Bəsirət”, “Açıq söz”, “İqbal”, “Yeni inqilab” qəzetlərində qiymətli məqalələr dərc etdirir.N. Nərimanov 1917- ci ildə bolşevik “Hümmət” təşkilatının sədri, həmin təşkilatın eyni adlı qəzetinin redaktoru olmuşdur və bolşeviklərlə birlikdə Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda mübarizə aparmışdır.

1918-ci il iyun ayında N. Nərimanov ağır xəstələnir və Bakı kommunasının tapşırığı ilə müalicə üçün Həştərxana göndərilir. Onun müalicəsi başa çatanda artıq Bakı kommunası devrilmişdi. Odur ki, Həştərxanda qalıb fəaliyyətini davam etdirir.

1920 – ci il may ayının 16 – da Bakıya gələn Nərimanov əvvəlcə müvəqqəti Hərbi inqilab komitəsinin, sonra İnqilab Komitəsinin və Azərbaycan hökumətinin sədri olmuşdur. N.Nərimanov görkəmli ictimai-siyasi və dövlət xadimi idi. O, 1920-ci il sentyabrın 12-də Şərq xalqlarının Bakıda keçirilən birinci qurultayının çağırılmasının fəal təşəbbüsçüsü və təşkilatçısı olmaqla bərabər, Bakıda I türkoloji qurultayın çağırılmasında da böyük rol oynamışdır. Azərbaycan üçün münasib olmayan ərəb əlifbasından latın sistemli əlifbaya keçmək məsələsi ilə N.Nərimanov hələ 1922-ci ildən məşğul olmağa başlamışdır.

Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil edib həqiqəti deyən N.Nərimanovun siyasi düşmənləri onu “Milli təmayülçülükdə” günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalışırdılar. Sarkis, Şatunovskaya və onların əlaltıları onun respublika rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. Bu xainlər N.Nərimanovun 1922-ci ilin axırı – 1923 – cü ilin əvvəlində SSRİ MİK sədrlərindən biri seçilməsi şansından hiyləgərcəsinə istifadə etdilər və o bu vəzifədə ömrünün axırına kimi Moskvada işləməli oldu.

1925-ci il mart ayının 19-da Moskva vaxtı ilə axşam saat 8-də SSRİ MİK-nin sədri N.Nərimanov müəmmalı şəkildə vəfat etdi və Qızıl meydanda, kreml divarları yanında dəfn edildi.Onun tabutu üzərinə qoyulan əkilidə “Şərq xalqlarının inqilabi rəhbərinə və imperializm zülmü altında olanların tam azadlığı uğrunda çarpışmış mübarizə” sözləri yazılmışdı.

N. Nərimanovun vəfatı ilə əlaqədar ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. Dəfn günü – martın 23-ü matəm elan edildi. Hökumət binalarında, xaricdəki diplomatik və ticarət nümayəndəliklərinin binalarında, hərbi və ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirildi.

Вы не авторизованы