Ôîðóì WWW.MEYDAN.AZ » Áëàãîäàðíîñòè è ïîçäðàâëåíèÿ » Dahi Şəxsiyyətlər --- Atabəy Şəmsəddin Eldəniz
Àâòîð Òåìà: Dahi Şəxsiyyətlər --- Atabəy Şəmsəddin Eldəniz
  0 / -0    íàïèñàíî: 2018-11-15 06:55:53 

Quldan Atabəyliyə doğru. Qüdrətli Azərbaycan Eldənizlər (Atabəylər ) dövlətinin banisi, böyük diplomat, məşhur sərkərdə Şəmsəddin Eldənizin maraqlı taleyi olmuşdur. Tarixi qaynaqlar Şəmsəddinin gəncliyinin əzab-əziyyət içərisində keçdiyindən xəbər verir. Minbir əziyyətə dözən Eldəniz bədəncə zəif və cılız, görkəmcə xeyli yaraşıqsız olmuşdur. Lakin hünəri, ağlı və cəsarətli olması ilə hamını valeh etmişdir.


Belə rəvayət edirlər ki, qədim el adəti üzrə bir dəfəyə 40 qul alana axırıncını pulsuz verərmişlər. XII əsrin birinci yarısında Dərbəndin qul bazarında bir qul alverçisi 39 qul sat­mış, sonuncunu isə müftə vermişdir. Həmin axırıncı qul Elddəniz olmuşdur. Qul taciri qulları ara­baya doldurub uzaq İraqa sürmüşdür. Hava isti olduğundan tacir gecələr yol gedər, gün­düzlər dincələrmiş. Qulların ən kiçiyi və zəifi Eldəniz yolda bir neçə dəfə arabadan yıxılar­mış. Hər dəfə də onu qaldırıb arabaya qoyarmışlar. Lakin o, bir dəfə də yıxılanda, artıq ona məhəl qoymamış, araba karvanını sürüb getmişlər. Səhər gözlərini açan Eldənizi dəhşət bürüsə də, özünü ələ almış və axşam çağı karvanı haqlamışdır. Tacir gözlərinə inanmamış, gəncin diribaşlığına, cəsarətinə və özünə inamına heyran qalmışdır.

İraqda Səlcuq sultanının vəziri Sümeyrəmi qulları alarkən Eldənizi bəyənmir və onu almaqdan imtina edir. Lakin Eldənizin kövrəlməsi və yalvarması vəziri yumşaldır. Az keçmir ki, vəzir ismaililər tərəfindən qətlə yetirilir. Onun var-dövləti ilə birlikdə qulları, o cümlədən Eldəniz də sultan Mahmudun ixtiyarına keçir. Sultan Eldənizin qabiliyyətinə, ağıllı olmasını görüb ona rəğbət bəsləyir. Eldəniz at minməkdə, qılınc oynatmaqda, ox atmaqqda tay-tuşlarına nümunə olur. Sultanın əmri ilə Eldənizə ərəb və fars dillərini, ilahiyyatı və digər elmləri öyrədirlər. Çox keçmədən onu sultan mətbəxinin başçısı (əl-xivan salar) təyin edirlər. Bu o dövrə görə çox şərəfli və etimadlı vəzifə hesab olunurdu. Sultan Mahmudu əvəz edən Sultan II Toğrul (1132-1135) Eldənizin sədaqət və səmimiliyinə inanır. Onu şəxsi mühafizə dəstəsinə daxil edir. Bir qədər sonra isə Eldəniz sultanın azyaşlı oğlu Arslan şahın atabəyi (qəyyumu) təyin olunur. Eldəniz həm də sultanın arvadı Möminə xatının dərin rəğbətini qazanır. Onun məsləhəti ilə saray çəkişmələrindən uzaq olaraq tezliklə əmir rütbəsinə yüksəlir. Sultan II Toğrul vəfat etdikdən sonra yerinə qardaşı sultan Məsud (1135-1152) keçir. Sultan Məsud Eldənizi Toğrulun dul qadını Möminə xatınla evləndirir. Həmin qadından Eldənizin iki oğlu, bir qızı olur. Oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan ata şərəfini uca tutan, ata-anaya layiq övladlar kimi böyüyür, onun vuran əli, döyünən ürəyi olurlar.

"Böyük Atabəy”. 1136-cı ildə sultan Məsud Arranı Eldənizə bağışlayaraq ona "Şəm­səddin”, yəni "Dinin günəşi” titulunu verdi. O, Bərdədə yerləşən iqamətgahına gəlir. Tezliklə öz müstəqilliyinə qədəm qoyur. Sonralar bu dövlət onun adı ilə Eldənizlər dövləti ad­landırıldı. 1141-ci ildə Səlcuqların Azərbaycan hakimi Qara Sunqurun vəfatından sonra bütün Azər­bay­canın idarəçiliyini də ələ keçirdi. Eldənizin yaratdığı yeni dövlətin ərazisi genişləndi, hökmü gücləndi. O, öz əqidəsinə sadiq qalaraq, Azərbaycanda dərin hörmət və ehtiram qazandı.

Təbiətən mülayim, sülhsevər və əmin-amanlığı qoruyan Eldəniz həm də cəsarətli, sö­zünün sahibi, ciddi, tələbkar bir siyasətçi idi. Sultan Mahmudun vəfatından sonra İraq Səl­cuq sultanlığının daxilində siyasi vəziyyət kəskinləşir. Onun varisləri hakimiyyət uğrunda mü­ba­rizə başlayır. Hakimiyyət Sultan Məhəmmədin əlinə keçir. O, Şəmsəddin Eldənizi öz haki­miy­yəti üçün əsas təhlükə hesab etdiyindən narazı əmirləri öz ətrafına toplayaraq güclü ordu ilə qəflətən Azərbaycana hücum edir. Araz çayı vadisində davam edən bir neçə günlük döyüşdə Eldəniz məğlub olur. O, Azərbaycan hakimliyindən imtina edərək, yalnız Arranın idarəçiliyi ilə kifayətlənməli olur. Bir neçə ildən sonra yenidən bütün Azərbaycan üzərində hakimiyyətini geri qaytarmağa müvəffəq olur. Onun səyi ilə İraq Səlcuq sultanı Sultan Slüeyman II Torğrulun oğlu Arslan şahı taxt-taca qanuni varis elan edir.

1160-cı ildə sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Arslan şah taxta çıxmalı olur. Bu hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün Eldəniz 1160-cı ilin noyabrında 20 minlik ordu ilə Həmədana gəlir. Əyanlar, əmirlər və sadə xalq onu ehtiramla qarşılayırlar. Tacqoyma mərasimindən sonra oğul­luğu Arslan şahı sultan elan edir. Həmin gündən Şəmsəddin Eldəniz "Böyük Atabəy” adlanır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü, kiçik oğlu Qızıl Arslan isə ordunun baş komandanı təyin edilir. Hamısı əlbir, dilbir olaraq, bir-birinə arxa durur­lar. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.

Dövlətçiliyimizin böyük təssübkeşi. Atabəy Eldəniz faktik olaraq İraq Səlcuq sultan­lığının hökmdarına çevrilir. Bu sultanlığa daxil olan ölkələrin və vilayətlərin hakimləri ona sədaqət andı içirlər. Əslində sultan Arslan şah Eldənizin məsləhəti ilə hərəkət edir, onun fikrlərini həyaia keçirirdi. Eldəniz isə ağıllı, müdrik siyasət yerdir, tabe olmaq istəməyn bütün vilayət hakimlərini itaətə gətirirdi.

Eldəniz ən parlaq qələbəni Həmədan, Rey və Qəzvin döyüşlərində qazanır. Bu qələbələrdən qorxuya düşən əmirlərin çoxu ondan vassal asılılığını qəbul etməli oldular. Eldəniz "nikah diplomatiyası”na da əl atır; barışmaz müxalifətçi Rey hakimi İnancın qızı Qüteybə (bəzi mənbələrdə Qətibə) xatını oğlu Məhəmməd Cahan Pəhləvana alır.

Atabəy Şəmsəddin Eldəniz Cənubi Qafqazdan İran körfəzinədək uzanan geniş torpaqları əhatə edən qüdrətli bir dövlət yaradır. Onun idarəsi altında olan torpaqlar Tiflisdən Məkrana qədər olan əraziləri əhatə edirdi. Azərbaycan, Arran, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey də ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri Şirvan, Xuzistan, Hilat və Xnus hakimləri vassal kimi onun adına pul kəsdirirdilər. Eldənizin yaratdığı qüdrətli Azərbaycan türk dövləti-Eldənizlər dövləti çoxminillik dövlətçilik tariximizdə özünəməxsus yer tutur. Talanlardan, aramsız müharibələrdən cana doymuş xalq rahat nəfəs alır, qurub- ya­rat­maqla məşğul olur. Ölkə çiçəklənir, əkinçilik, ticarət və sənətkarlıq inkişaf edir. Atabəy Eldəniz elm, sənət adamlarına qayğı göstərir, mədəniyyətin inkişafına şərait yaradır.

Şəmsəddin Eldəniz ölkəmizin qərb sərhədləri üçün təhlükə törədən gürcü çarı ilə də haqq-hesab çürütməli olur. Gürcülərin 1161-ci ildə Ani, Dəbil və Gəncə şəhərlərinə dağıdıcı hü­cumlarına cavab olaraq Eldəniz 1163-cü ildə güclü qoşunla Gürcüstan üzərinə yürüş edir. O, əvvəlcə gürcüləri Dəbildən qovub çıxarır, gürcü çarı III Georgi ağır məğlubiyyətə düçar olur. Həmin yürüşün iştirakçısı olmuş Azərbaycan tarixçi-salnaməçisi yazırdı: "Gürcülər biabırcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, sayı-hasabı yox idi. Axurları gümüşdən düzəldilmiş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənlərb olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar da lazım gəlirdi. Bunlardan birini Sultana (Arslan şaha-Ə.Q) göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan 2000 dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmadana yolladı ki, adamlar onlardan su içsinlər”.

Bir neçə döyüşdə dalbadal sarsıdıcı məğlubiyyətə uğrayan gürcülər sakitləşdilər. 1175-ci ildə ölkəmizin qərb sərhədlərində vəziyyət sabitləşdi, ərazi bütbövlüyümüz bərpa edildi.

"Rey problemi”nin həlli. Şərq sərhədlərində də vəziyyət sabit deyildi. Nişapur və Rey hakimləri Eldənizlərə itaətdən çıxaraq Xarəzmşahların tərəfinə keçmişdilər. Bu xəbəri eşidən Eldəniz dərhal güclü qoşunla Reyə yürüş edir. Xarəzmşahlarla Əmir İnancın birləşmiş qüvvələri məğlub edilir. Əmir İnanc isə Rey qalasında gizlənərək öz vəzirini Eldənizlə danışıqlar aparmağa göndərir. Eldəniz Rey hakiminin nankorluqlarının dəfələrlə şahidi olmuşdu. İndi dar məqamda yenə hiylə işlətdiyini yaxşı başa düşürdü. O, deyirdi: "Əmir İnancın bizə etdiyi pislikləri mən dəfələrlə bağışladım. Hətta aramızda qohumluq münasibətləri də yaratdım. Ancaq bu harın və qudurmuş əmir mənim elədiklərimə əvəz olaraq həmişə itaətdən çıxmağa cəhd etmiş, düşmənlərimlə birləşmişdir. Bu dəfə ona aman yoxdur”.

Eldənizin qətiyyəti burada da özünü göstərir. O, Əmir İnancla danışıqlardan imtina edərək vəzirə deyir: "Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan, Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla ölkədə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kaçıbçılıq və mərhumiyyət içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi olan oğlum Cahan Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən mən öz vədlərimi həyata keçirməyə and içib, söz verirəm”. Vəziyyəti belə görən vəzir Eldənizin tərəfinə keçir və İnancı aradan götürür. Beləlilkə, Eldəniz diplomatiyası "Rey problemi”ni də müvəffəqiyyətlə həll edir.

Şəmsəddin Eldəniz mahir siyasətçi, uzaqgörən bir diplomat idi. Onda ağıl və güc bir­ləş­mişdi. O, dikbaş və narazı əmirləri, itaətdən boyun qaçırmağa can atan vassal hakimləri mər­kəzi hakimiyyətə tabe etmək üçün onlara vədlər və qiymətli hədiyyələr verməklə öz tərə­finə çəkirdi. Bəzən isə özünün hərbi gücünə arxalanırdı. Onun siyastlə hərbi gücü bacarıqla əlaqələndirməsinin nəticəsi idi ki, həm İraq Səlcuq sultanlığında, həm də Eldənizlər döv­lə­tində daxili vəziyyət sabit idi. Eldənizin dövlət idarəçiliyində ardıcıl və qətiyyətli olması, sul­tan hakimiyyətinin nüfuzundan bacarıqla istifadə etməsi, tədbirli xarici siyasət yeritməsi bir daha sübut edir ki, Azərbaycan Eldənizlər dövlətinin yaradıcısı öz dövrünün məşhur siyasi və dövlət xadimi olmuşdur.

Eldəniz öz ömür-gün yoldaşı, müdrik qadın Möminə xatına həmişə sadiq olmuş, onu özünə sirdaş, arxa, dayaq hesab etmişdir. Bəzən oğulluğu Arslan şah onun hədsiz hakimiyyətindən narazı qaldıqda bu qadın öz analıq hüququndan istifadə edərək barışdırıcı rolunda çıxış edir, öz oğlunu atalığına qarşı hörmət və ehtirama dəvət edirdi. Ülvi bir məhəbbətlə sevdiyi bir insanın vəfatı Eldənizi bərk kədərləndirir. Naxçıvanda bu gözəl insana əbədi bir abidə ucaltmağa qərar verir. Lakin Möminə xatının vəfatından iki ay sonra- 1176-cı ildə Şəmsəddin Eldəniz də vəfat edir. Onun yerinə keçən oğlu Məhəmməd Cahan Pəhləvan atasının bu arzusunu yerinə yetirir. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvani Möminə ana üçün əbədi bir abidə inşa edir. Öz gözəlliyi və bənzərsizliyi ilə bu gün də Azərbaycan memarlığı tarixində şərəfli yer tutan Möminə xatın türbəsi Şəmsəddin Eldənizə və Möminə xatına əbədi məhəbbət abidəsidir.

Eldənizin vəfatından sonra oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan atalarının siyasətini davam etdirir, ölkənin inkişafında xüsusi rol oynayırlar.

Âû íå àâòîðèçîâàíû