Форум WWW.MEYDAN.AZ » Благодарности и поздравления » Dahi Şəxsiyyətlər --- Tereza Ana
0
Автор Тема: Dahi Şəxsiyyətlər --- Tereza Ana
  0 / -0    написано: 2018-11-18 00:36:02 

“Həyat kədərdir, ona qalib gəlin”

“Dünən keçmişdə qaldı. Sabah hələ gəlməyib. Ancaq bu günümüz var. Gəlin başlayaq”.

“Yoxsulları sevməyin verdiyi sevinci həmişə hiss et və bunu tanıdığın hər kəslə paylaş. Unutma, sevgiylə dolu olmaq, sülhlə dolu olmaq deməkdir. Tanrı səni qorusun”.

Bu sözlərin müəllifi Tereza Anadır.

Kimdir Tereza Ana?

Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub.
Aqnes gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.

Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı. 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçdi…

Bir müddət işlədikdən sonra vərəm xəstəliyinə tutulan Tereza Ana daha müəllimlik edə bilmədi və istirahət eləməsi üçün Hindistanın başqa bir şəhərinə- Darjlinqə göndərildi. Orda xəstəliyi ilə mübarizə aparan Tereza Anaya Allahdan ikinci vəhy gəldi.

“Məktəbdə işimi dayandırmalı və yoxsullarla birlikdə işləməli, onların arasında yaşamalıydım. Bu əmr idi. Hara aid olduğumu bilirdim, amma ora necə varacağımı bilmirdim”.

1948-ci ildə Vatikan Tereza Ananın Loretta təşkilatından ayrılmasına və Külküttə Baş Rahibliyinin nəzarəti altında vəhyin yerinə yetirilməsinə icazə verdi.

Tereza Ana, kasıb ailələrin uşaqlarına dərs deməyə başladı. Eyni zamanda tibbin əsaslarını öyrəndi və xəstələrin evlərinə gedərək onların müalicə olunmasına kömək elədi. 1949-cu ildən başlayaraq köhnə tələbələrindən bəziləri ona qoşuldu.

Tereza Ana və ətrafındakılar xəstəxanalarda müalicə oluna bilməyən və küçələrdə ölüm-dirim mübarizəsi aparan onlarla kişi, qadın, uşaqla qarşılaşdılar. Onlar bir ev tutaraq, səfalət içində, ölüm ayağında olan insanlara kömək etməyə başladılar. 1950-ci ildə kilsənin dəstəyi ilə Kəlküttə Xeyriyyəçi Missionerlər Cəmiyyətini yaratdılar.

1952-ci ildə Kəlküttə bələdiyyəsinin verdiyi ərazidə ilk Ölü Evi açıldı. Tereza Ananın 12 nəfərlə birlikdə yaratdığı bu təşkilat, uzun illər ərzində, minlərlə könüllüsü ilə birlikdə dünyanın 450 nöqtəsində yoxsullara köməklik göstərən böyük bir hərəkata çevrildi.

Tereza Ana Kəlküttədən Nyu-Yorka qədər, hər yerdə, ölüm ayağında olanlar və atılmışlar üçün müalicə evləri açdı. İlk dəfə olaraq QİÇS qurbanları üçün xəstəxanalar yaradanlardan biri oldu. 45 il ərzində dünya miqyasında yoxsullara, ölmək üzrə olanlara və atılmışlara kömək etdi.

Tereza Ana 1979-cu ildə Nobel Sülh Mükafatına layiq görüldü. Ona gördüyü işlərinə görə təkcə Nobel yox, bir çox başqa mükafatlar da verildi.

Tereza Ana Nobel mükafatını təqdim edilməsi zamanı ənənəvi olaraq verilən ziyafətdən imtina etdi və 6 yüz min dollarlıq fondun kəlküttəli yoxsullara bağışlanılmasını istədi. Bu pul yüzlərlə insanı bir il boyunca doyuzdurmağa bəs edəcəkdi.

Tereza Ana mükafatların ancaq ehtiyacı olanlara bir xeyiri olduğu zaman önəm daşıdığını deyərdi. 1980-ci ildən etibarən dünyanın hər yanında, narkotik istifadəçilərinə, fahişələr və işgəncəyə məruz qalmış qadınlara kömək üçün açılan xəstəxanaların, kimsəsiz uşaqlar üçün tikilən uşaq evlərinin və məktəblərin sayı artmağa başladı.

Tereza Ana 1991-ci ildə ilk dəfə öz vətəni olan indiki Serbiyaya geri döndü və burada bir xəstəxana açdı. Bu illər ərzində Hindistanda 168 xəstəxana açılmışdı.

3 fevral 1994-cü ildə ABŞ Senatı və Nümayəndələr məclisinin dəstəyi ilə təşkil olunan Beynəlxalq Dua Yeməyində Tereza Ananın abort haqda dediyi sözlər hamını təəccübləndirdi: “Lütfən, uşaqları öldürməyin. Mən onu istəyirəm. Onları mənə verin”.

Tereza Ana Efiopiyadakı aclara, Çernobıldakı radiasiya və Ermənistandakı zəlzələ qurbanlarına kömək etmək üçün bu ölkələrdə oldu. 1996-cı ilin dekabr ayında ona ABŞ-ın fəxri vətəndaşı verildi.

1997-ci ildə vəfat edən Tereza Ana son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün fəaliyyət göstərdi. Onun gördüyü işlər insanlıq üçün əsl nümunə idi.

O deyirdi: “Ancaq bir Tanrı var və O, hər kəsin Tanrısıdır. Tanrının qabağında hər kəs bərabərdir. Bir hindliyə daha yaxşı bir hindli, bir müsəlmana daha yaxşı bir müsəlman, bir katoliklə daya yaxşı bir katolik olmağa kömək göstərməliyik”...

Bütün bunları yazmaq sadəcə bir məqsədimiz vardı. Aşağıdakı gözəl şeirin müəllifi ilə sizi tanış etmək...

Həyat – fürsətdir, ondan faydalanın.
Həyat — gözəllikdir, onu duyun.

Həyat – zövqdür, onu dadın.
Həyat – arzudur, onu yerinə yetirin.
Həyat — çağırışdır, onu eşidin.
Həyat — borcdur, onu yerinə yetirin.

Həyat — oyundur, onunla oynayın.
Həyat – var dövlətdir, qədrini bilin.

Həyat – sevgidir, ondan zövq alın.

Həyat — sirdir, onu çözün.

Həyat — şansdır, onu qaçırmayın.

Həyat — kədərdir, ona qalib gəlin.

Həyat — mübarizədir, bərk dayanın.

Həyat – macəradır, ona qatılın.

Həyat — faciədir, onunla üzləşin.
Həyat – xoşbəxtlikdir, onu yaradın.
Həyat — çox gözəldir, onu məhv etməyin.
Həyat — həyatdır, onun üçün mübarizə aparın.


  написано: 2018-11-18 00:46:24 

möhteşem

Вы не авторизованы